Mayın 14-də “Gallery 1969” sərgi salonunda Azərbaycan Fotoqraflar Birliyinin (AFB) 20 illik fəaliyyəti ilə əlaqədar sərgi açılıb.
“Beynəlxalq Foto Günləri-2018” adlı fotosərgi Mədəniyyət Nazirliyi, “Art Faktor” şirkəti, Şimalı Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təşkilatı dəstəyi ilə reallaşıb.
Sərginin açılışından əvvəl AFB-nin idarə heyətinin sədr müavini Rauf Umudov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Deyib ki, mayın 16-dək davam edəcək sərgidə Beynəlxalq Foto Günlərində qəlib gəlmiş xarici fotoqrafların, Azərbaycan fotoqraflarının ilk turu keçmiş fotoları, habelə FIAP-ın qızıl mükafatını qazanmış Mehmet Gökyiğidin və Gürcüstan fotoqraflarının əsərləri nümayiş olunacaq, eyni zamanda, seminar və görüşlər təşkil ediləcək.
Natiq bildirib ki, bu fotomüsabiqəyə 57 ölkədən fotoqraflar qatılıb. Müsabiqəyə 383 fotoqraf 5 min 306 foto təqdim edib. FIAP-ın 158 fotoqrafının layiq görüldüyü müsabiqədə qalibləri 9 beynəlxalq dərəcəli münsiflər heyəti qiymətləndirib. Dörd nominasiyada 52 mükafata 27 ölkənin fotoqrafları, o cümlədən azərbaycanlı fotoqraflar da layiq görülüb.
R.Umudov qeyd edib ki, beynəlxalq mükafatlar mayın 15-də “Nur Art House” qalereyasında və mayın 16-da “Landmark” da müvafiq olaraq iki fotosərgisinin açılışında sahiblərinə təqdim olunacaq.
Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev fotosərginin əhəmiyyətindən və son illər bu sahəyə artan maraqdan söz açıb. Müsabiqədə qalib olan kəsi təbrik edən nazir müavini, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
azertag.az