Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində rəsm müsabiqəsi keçirir
16.5.2018

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün “Gəmiçilik–160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika) müsabiqəsi elan edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Xəzər dənizçilərinin çətin və spesifik əməyi ilə geniş auditoriyanı yaxından tanış etmək, Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək və qiymətli ekosistem kimi qorunmasının vacibliyini ön plana çəkmək, rəssamları dənizçilərin fədakar əməyi ilə dərindən tanış olmağa stimullaşdırmaq, gənc və istedadlı rəssamları dəstəkləmək və onların işi ilə geniş auditoriyanı yaxından tanış etdirməkdir.

Müsabiqədə 17-35 yaş arasında olan şəxslər iştirak edə bilərlər. Müsabiqə üçün işlər mayın 20-dən avqustun 20-dək təqdim olunmalıdır.

Müsabiqə haqqında daha ətraflı məlumat http://www.acsc.az/az/pages/7/50/information/502 linkdə yerləşdirilib.


azertag.az