Mayın 16-da Bakıda XXIV Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazir İnam Kərimov son illər ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən diqqətdən danışıb. Bildirib ki, bu siyasətin nəticəsi olaraq, iqtisadiyyatın aparıcı sahələrindən biri olan aqrar sahə tamamilə yeni bir mərhələyə qədəm qoyub. Nazir qeyd edib ki, bu sahədə sosial-iqtisadi göstəricilərin yüksəlməsi nəticəsində respublikada kənd təsərrüfatının inkişafı prosesində əhəmiyyətli nailiyyətlər əldə edilib, istehsal edilən məhsulların rəqabətə davamlılığı ixrac imkanlarını genişləndirir. Bu da bütövlükdə milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində respublikada digər sahələr kimi kənd təsərrüfatı sahəsində də genişmiqyaslı inkişaf göz önündədir. Eyni zamanda Strateji Yol Xəritəsinə əsasən həyata keçirilən iqtisadi islahatların bir nümunəsi kimi də Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Q.Təhməzli diqqətə çatdırıb ki, kənd təsərrüfatı və qida sənayesinin inkişafı bütövlükdə ölkə iqtisadiyyatının güclənməsinə təkan verəcək.
Sərgilərdə 34 ölkədən 402 şirkət iştirak edir.
azertag.az