İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcovun “Cavad xan” baleti təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, balet Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr edilib. Balet tamaşası XVIII əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edir. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi, baletin əsas süjet xəttini təşkil edir.
Yeni səhnə əsərinin quruluşçu baletmeysteri Xalq Artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Xalq Rəssamı Rafiz İsmayılovdur.
Səhnə əsərində rolları Xalq Artisti Gülağası Mirzəyev (Cavad xan), Əməkdar artistlər Nigar İbrahimova (Cavad xanın həyat yoldaşı), Samir Səmədov (general Sisianov), Makar Ferştandt ( I Aleksandr ) və aparıcı solist Ayan Eyvazova (gürcü şahzadəsi) ifa edəcək.
azertag.az