Ölkəmizin keçdiyi tarixi yolu, qazandığı uğurları və inkişafı nümayiş etdirmək və bu yüksəlişə əcnəbi vətəndaşların münasibətini təqdim etmək məqsədilə Azərbaycan Fotoqraflar Birliyi (AFB) “Beynəlxalq foto günləri - 2018” layihəsinə qoşulub.
Azərbaycan Fotoqrafları Birliyi 20 illik fəaliyyəti ilə əlaqədar olaraq üç gün ərzində keçirilən “Beynəlxalq foto günləri-2018” layihəsinə mayın 16-da “Landmark” sərgi salonunda “Bir sevdadır Quzey Kıbrıs” sərgisi ilə yekun vurulub.
Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi Ufuk Turganer, bu ölkənin “Foder” fotoklubunun prezidenti Mehmet Göyigit tədbirin əhəmiyyətini vurğulayaraq fotoqraflara gələcək işlərində uğurlar arzulayıb.
Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud çıxışında sərginin əhəmiyyətindən danışıb. Deyib ki, FIAP-ın tərəfdaşlığı ilə 2017-ci ildən başlanmış və 6 aylıq müddəti əhatə edən “Caucasus – Carpathians circuit – 2017” layihəsi çərçivəsində üç ölkə – Ukrayna, Gürcüstan və Azərbaycanın elan etdiyi birgə beynəlxalq fotomüsabiqəyə 57 ölkədən 383 fotoqrafın 5292 əsəri buraxılıb. Beynəlxalq dərəcəli 9 münsifin təmsil olunduğu münsiflər heyətinin səsverməsi ilə 4 nominasiya üzrə 52 mükafat təsis edilib və 158 fotoqraf mükafatlara layiq görülüb.
Bildirilib ki, paytaxtımızın üç sərgi salonunda “Beynəlxalq foto günləri – 2018” layihəsi çərçivəsində açılan sərgilərdə sənətsevərlər qalib gəlmiş 52 əsər və müsabiqədə iştirak etmiş 8 azərbaycanlı müəllifin 50-yə yaxın əsəri ilə tanış olublar.
Sonra mükafatlar fotoqraflara təqdim olunub.
Qeyd edək ki, “Beynəlxalq foto günləri-2018” tədbiri Azərbaycan Mədəniyyət Nazirliyi, “Art Faktor” şirkəti, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi, “Nur Art House” qalereyası, “1969 Qalereyası” və “Landmark Rot”un dəstəyi ilə keçirilib.
azertag.az