Azərbaycan mobil elektron imza sisteminin tətbiqinə hazırlaşır
25.1.2013

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində mobil cihazlardan istifadə edərək e-hökumət portalına sürətli, müasir və yüksək təhlükəsizliyə malik olan autentifikasiya sisteminin hazırlanması ilə əlaqədar təqdimat keçirilib.

Tədbirdə çıxış edən nazir müavini Elmir Vəlizadə qeyd edib ki, RİTN e-hökumət həllərində, o cümlədən elektron hökumət portalında elektron imzadan istifadə edilməsi üzrə işləri genişləndirir. Mövcud imkanlarla yanaşı mobil qurğulardan da istifadə edilməsi üçün autentifiksiya və mobil elektron imza sisteminin yaradılması üzrə işlər aparılır: «Sözügedən sistemin tətbiqi yaxın bir ay ərzində baş tutacaq».

Nazir müavini onu da bildirib ki, yaradılmış sistem istifadəçilərə iki faktorlu autentifikasiya sxemindən istifadə edərək, internet vasitəsilə smartfonlar, tablet kompüter kimi mobil cihazlarda xüsusi proqram vasitəsinin quraşdırılmasını, onun rəqəmli sertifikatların yaradılmasını və QR kodu skan edərək e-hökumət portalına (istənilən informasiya portallarına inteqrasiya mümkündür) daxil olmağı təmin edir.

«Sistemin həyata keçirilməsi Nazirliyin strategiyasının mühüm tərkib hissəsidir və əsas məqsəd istifadəçilərin e-hökumət portalından şəffaf, səmərəli və təhlükəsiz şəkildə istifadəsinə şərait yaratmaqdır. Təqdim olunan üsul dünyada e-hökumət resurslarına daxil olmanı təmin edən innovativ mobil autentifikasiya vasitələrindən biridir», - deyə E.Vəlizadə bildirib.

Nazir müavini qeyd edib ki, gələcəkdə sistem mobil cihazlardan hüquqi qüvvəli e-imzalarla istifadəçilərin sənəd imzalamasına və onu aidiyyəti dövlət orqanlarına və ya istənilən digər ünvana göndərməsinə imkan verəcək.

APA