“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha iki gəmi daxil edilib.
Gəmiçiliyin mətbuat katibliyindən bildirilib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) donanmalarının müasir gəmilərlə yenilənməsinə hər zaman xüsusi diqqət yetirir. Məhz, bunun nəticəsidir ki, hazırda gəmiçilik Xəzərdə nəqliyyat və ixtisaslaşdırılmış ofşor donanmalarının tərkibindəki gəmilərinin sayına görə aparıcı mövqeyə malikdir.
“Mərdəkan” və “Şüvəlan” adlı təchizat-yedək gəmiləri müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Sözügedən üzən vasitələrin müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.
Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyükhəcmli yük tanklarına malikdir.
Hər iki gəminin uzunluğu 60 metr, eni 16 metr, sürəti 13 düyümdür. “Mərdəkan” gəmisinin dedveyti 1700, dartma qüvvəsi 81, “Şüvəlan” gəmisinin dedveyti 1810, dartma qüvvəsi 75 tondur. Onların texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə bu zaman hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.
Qeyd edək ki, gəmiçilik donanmalarının müasirləşdirilməsi və böyüməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.
azertag.az