BANM-də yeni ixtisas: informasiya təhlükəsizliyi
18.5.2018

Bakı Ali Neft Məktəbində (BANM) 2018/2019-cu tədris ilindən etibarən informasiya təhlükəsizliyi ixtisas; tədris ediləcək. Yeni ixtisas ölkənin müxtəlif sahələrində informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi üçün kadr hazırlığını həyata keçirəcək.

BANM-dən bildiriblər ki, informasiya təhlükəsizliyi ixtisası bu ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının tərkibində reallaşdırılacaq.

Qeyd edək ki, dövlət və qeyri-dövlət müəssisələrinin işində informasiya resurslarının və texnologiyalarının rolunun hər gün daha çox artması ilə həmin müəssisələrdə informasiya təhlükəsizliyi məsələləri ortaya çıxır. Ölkədə informasiya sistemlərinin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə geniş tələbat yaranib. Məhz bu səbəbdən BANM-də informasiya təhlükəsizliyi ixtisasının tədrisinə başlanılması qərara alınıb.

İnformasiya təhlükəsizliyi ixtisasında şəbəkə təhlükəsizliyi, sistem proqramlaşdırma, sistemdə olan təhlükəsizliklərin test edilməsi, verilənlər bazasının təhlükəsizliyi, multiagent sistemlərin təhlükəsizliyi, barmaq izlərinin tanınması və s. kimi fənlərin tədrisi planlaşdırılır.

Dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-də bütün ixtisaslarda olduğu kimi informasiya təhlükəsizliyi ixtisasında da tədris ingilis dilində aparılacaq.

Tədris yüksək ixtisaslı yerli və əcnəbi müəllimlər tərəfindən həyata keçiriləcək.

Yeni ixtisasla bağlı bütün işlər yekunlaşdırılmaq üzrədir və abituriyentlər yeni tədris ili üçün artıq bu ixtisası seçə bilərlər.


azertag.az