Gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti olub
18.5.2018

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində Kamança hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək dövlətimizin mədəniyyət və incəsənətə göstərdiyi qayğıdan danışıb. Bildirib ki, tədbir ölkəmizdə bu il qeyd edilən iki mühüm hadisəyə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində mədəni irsimiz dünyada tanınır və təbliğ olunur. Bu qayğının nəticəsidir ki, aşıq sənəti, muğam, tar, kamança UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qeyd edib ki, müsabiqədə məqsəd kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.

Müsabiqədə 3 yaş qrupu üzrə respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqi və humanitar kolleclərdən, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasından, Bülbül adına orta ixtisas musiqi məktəbindən şagird və tələbələr iştirak edib. Bu ilin aprel ayında müsabiqənin I turu regional mədəniyyət idarələri üzrə yerlərdə, II turu isə Bakı şəhərində keçirilib.

Diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Arif Əsədullayevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 100-dən çox gənc kamança ifaçısının çıxışını qiymətləndirib. Münsiflər heyətinin qərarına əsasən Bakı, Gəncə, Lənkəran, Şəki, Şirvan və digər rayon uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, hədiyyələrə və fəxri fərmanlara layiq görülüb. Müəllimlərin, konsertmeysterlərin də əməyi qiymətləndirilib və onlar fəxri fərmanlarla təltif olunub.

Sonra qaliblərə mükafatlar təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.


azertag.az