Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlıqda maraqlıdır
21.5.2018

Çinin İxrac Kredit Sığorta Korporasiyası (“Sinosure”) Azərbaycan və SOCAR ilə əməkdaşlığa maraq göstərir.

SOCAR-dan bildirilib ki, mayın 21-də şirkətin prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə SOCAR-ın kəşfiyyat, hasilat, nəql, emal və kimya sahələrində həyata keçirdiyi layihələrdə Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılıb.

Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün “Sinosure” və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanıb, habelə SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunub.

“Sinosure” ixrac kreditlərinin sığortalanması sahəsində ixtisaslaşan yeganə Çin sığorta şirkətidir. O, öz fəaliyyətinə 2001-ci ilin dekabr ayında başlayıb və mənzil qərargahı Pekində yerləşir. “Sinosure” ölkə miqyasında xidmət şəbəkəsi formalaşdırıb. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalayıb. “Sinosure” hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.


azertag.az