İyunun 20-də 114 dövlət əmlakı üzrə hərrac keçiriləcək
21.5.2018

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyunun 20-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. İnvestorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaq. Bunlardan 19-u səhmdar cəmiyyət, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

ƏMDK-dan bildirilib ki, elektron hərrac vasitəsilə alıcılar hərrac günü sifariş verdiyi əmlakı onlayn şəkildə özəlləşdirə bilər.

Qeyd edək ki, onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri komitənin rəsmi səhifəsi olan “emdk.gov.az”, “privatization.az” saytına, “Elektron hökumət” portalına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin 10-u sənaye, 6-sı tikinti, 3-ü təmir sahəsinə aiddir. Həmin səhmdar cəmiyyətləri paytaxtla yanaşı, Sumqayıt, Bərdə, Beyləqan, Goranboy və digər bölgələrdə yerləşir.

Məişət, iaşə, qida, toxuculuq sahəsində öz biznes fəaliyyətini qurmaq istəyənlər üçün kifayət qədər əmlaklar var. Eyni zamanda, alıcılar təmir, sənaye, nəqliyyat sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Daşkəsən, İmişli, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir.

İnvestorlar prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyətini torpaq sahəsi ilə birlikdə özəlləşdirə bilərlər. Həmin əmlakların həm torpaq sahəsinin, həm də tikilisinin ayrıca qiymətləndirilməsi aparılıb.

Budəfəki hərracda da vətəndaşların az vəsaitlə çox gəlir götürmək imkanı var. Alıcılar 150 manat beh ödəməklə Gəncədə yerləşən 32 saylı mağazaya sahib ola bilərlər. Sərmayəçilər obyektə kapital yatırmaqla ərzaq mallarının pərakəndə satışını həyata keçirə bilərlər. Həmin əmlakın ümumi faydalı sahəsi 45 kvadratmetrdən çox, torpaq sahəsi isə 60 kvadratmetrə yaxındır.

İnvestorlar üçün maraqlı ola biləcək əmlaklardan biri "Beyləqan Yağ-Pendir” zavodudur. Sərmayəçi həmin əmlaka kapital yatırmaqla biznesini yeyinti sənaye sahəsində fəaliyyətini genişləndirə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 3 min kvadratmetrə yaxındır. Ərazisinin geniş olması isə investora əlavə iqtisadi fayda gətirə bilər.

Özəlləşdirilməyə çıxarılan qeyri-yaşayış sahəsinin 36-sı Bakıda, qalanı isə Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşir. Həmin əmlakların ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 419 kvadratmetr arasında dəyişir. Bu isə investorların biznes planına uyğun istədiyi əmlakı tapmağa imkan yaradır.

İstehsal ili yeni olan avtomobillər investorlara təqdim olunur. Cəmi 350 manat beh ödəməklə buraxılış tarixi 2007-ci il olan “FIAT Dobloya” sahib olmaq mümkündür.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Qeyd edək ki, komitənin sosial şəbəkələrdəki (facebook, instagram, twitter) rəsmi səhifələrində də elektron hərracın keçirilmə qaydaları ilə bağlı mütəmadi məlumatlar yerləşdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.


azertag.az