Asan İmza” Almaniyada keçirilən ən böyük Avropa konfransında təmsil olunub.
Münxen şəhərində identitet və bulud texnologiyası üzrə “European Identity & Cloud Conference 2018” Avropa konfransı keçirilib. Konfransda bu sahədə qabaqcıl Avropa təcrübəsi, yeni trendlər və texnologiyalar, təhlükəsizlik standartları təqdim edilib. Tədbir özündə identitet sahəsində lider şirkətlərin 800-dən çox aparıcı ekspertləri, vendorları, analitikləri və rəhbərləri birləşdirib.
Konfrans 160-dan çox sessiyadan ibarət idi. Bu il müzakirənin əsas mövzuları identifikasiya və əlyetərliliyin idarə edilməsi, blokçeyn vasitəsilə identifikasiya, konfidensiallıq və təhlükəsizlik, risklərin idarə edilməsi və yüngülləşdirilməsi, fərdi məlumatların qorunmasının təmin edilməsində dünya standartları və etibarlılığın peşəkar xidmətlərinin təqdim edilməsi, kibertəhlükəsizlik kimi mövzular olub.
Konfransda dünyanın müxtəlif ölkələrindən 200-dən çox məruzəçi iştirak edib.
“B.EST Solutions” şirkətindən bildirilib ki, Azərbaycanı “Asan İmza” mobil elektron imzanın operatoru sayılan “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru Yana Krimpe təmsil edib. Yana Krimpe “Dünya standartlarına cavab verən mobil identitetin əsasları” və “Mobil proqramların təhlükəsizliyinin təmin edilməsində identifikasiya probleminin həll edilməsi” mövzularında çıxış edib. Mobil İdentitet və təhlükəsizlik üzrə paneldə, həmçinin GSMA-da proqramlar və servislərin rəhbəri Devid Pollinqton, “CA Technologies” şirkətinin kibertəhlükəsizlik üzrə direktoru Hordi Qaskon, “KuppingerCole” şirkətinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə məsləhətçisi və analitiki Mayk Smol da vardı. Yana Krimpe konfrans iştirakçılarına 2017-ci ildə yaradılan və mobil identifikasiya xidmətlərini öz milli sxemlərinə uyğun təqdim edən ölkələrin işlərinin əlaqələndirilməsinə istiqamətlənən Milli Mobil İdentitetlərin Qlobal İttifaqının vəzifələrini təqdim edib. Qeyd edək ki, Azərbaycan bu ittifaqın həmsədridir və orada “Asan İmza” milli mobil identitet, eləcə də elektron hökumət sahəsində Azərbaycanın son nailiyyətləri, Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunur. Təqdim olunan innovasiyalar konfrans iştirakçılarının marağına səbəb olub.
Konfrans çərçivəsində “İdentitetdə Qadınlar” (“Women in Identity”) birliyinin üzvlərinin də görüşü olub. Əsas məqsəd texniki sahə və onun hüdudlarında qadınlar arasında yeni münasibətlərin və rəhbərlərin formalaşdırılmasından ibarətdir. Bu tədbirdə dünyanın bir çox aparıcı sənaye liderləri iştirak edib.
“Azərbaycanı belə nüfuzlu tədbirlərdə təmsil etmək mənim üçün böyük qürurdur. Mən fəxr edirəm ki, Azərbaycan artıq mobil identitet və elektron hökumət sahəsində digər innovativ həllərin tanınmış avtoritetinə çevrilib. Təcrübəmiz ən yaxşı dünya təcrübəsi kimi daha çox ölkələri və beynəlxalq təşkilatları maraqlandırır. Mənim üçün Azərbaycan texnologiyalarının ixracı üzrə AZINNEX (Azerbaijan Innovation Export Consortium) qarşısında qoyulan vəzifələri təmsil etmək və yerinə yetirmək üçün çox yaxşı imkandır. Münxen konfransı “İdentitetdə Qadınlar” nüfuzlu birliyinə qoşulmaq və bütün dünyadan rəqəmsal identitet sahəsində aparıcı lider qadınların təcrübələrinin mübadiləsinə dəstək əldə etmək və peşəkar meydança qazanmaq üçün gözəl imkan oldu”, - deyə Yana Krimpe bildirib.
azertag.az