Gələn il Azərbaycan və Hindistan arasında birbaşa aviareyslərin açılması planlaşdırılır
21.5.2018

Gələn il Azərbaycan və Hindistan arasında birbaşa aviareyslərin açılması planlaşdırılır.

Bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov deyib.

O bildirib ki, Dubay bazarından sonra AZTA-nın çalışdığı növbəti əsas turizm bazarlarından biri Hindistandır. AZTA olaraq ilk dəfə Dehli şəhərində Beynəlxalq Turizm Sərgisində (SATTE 2018) iştirak etdik. Burada ölkəmizi assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edirdi. Sərgi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Hindistanın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəliyi açılıb.

N.Bağırov qeyd edib ki, hər iki ölkənin turistlərinin qarşılıqlı səfərlər həyata keçirməsi üçün işlər görülür. Ölkələrin turizm potensialı, tarixi və mədəni irsi barədə vətəndaşları daha da məlumatlandırmaq üçün addımlar atılır. 2019-cu ildən turistlərin rahat gediş-gəlişini təmin etmək üçün hər iki ölkədən birbaşa aviareyslərin həyata keçirilməsi də planlaşdırılır.


azertag.az