Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qalibləri və yarışın təşkilat komitəsinin üzvləri Türkiyənin aparıcı universitetlərində olublar.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, “Kapital Bank”ın maliyyə dəstəyi ilə təşkil edilən səfərin məqsədi Türkiyənin aparıcı universitetlərinin startap və texnopark təcrübəsini öyrənmək olub. UNEC Karyera Mərkəzinin direktoru Fuad Əliyev, İnnovativ Biznes İnkubatorun direktoru Mircavid Həsənov və qaliblər Eşqin Cəfərov, Elçin Süleymanov, Toğrul Mirzəyev İstanbul Texniki Universitetinin və Yıldız Texniki Univerisitetinin texnopark və biznes inkubatorları ilə tanış olublar.
İstanbul Texniki Universitetində UNEC-in nümayəndə heyətinə texnoparkın fəaliyyəti, startapları və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib, həmçinin yeni startap məhsulları və xidmətlər nümayiş olunub. Görüşdə texnoparklarla beynəlxalq təşkilatların üzvlük məsələləri də müzakirə edilib.
UNEC-in nümayəndələri səfərin ikinci günü Türkiyənin zəngin təcrübəyə və ən böyük texnoparkına sahib olan Yıldız Texniki Universitetində olublar. Görüş iştirakçılarına UNEC-in İnnovativ Biznes İnkubatoru, startaplar və “Made in Azerbaijan” biznes ideya müsabiqəsi barədə məlumat verilib. Sonra UNEC-in tələbələri texnoparkın rəhbərliyi qarşısında qalib olduqları layihə ilə bağlı təqdimatla çıxış ediblər.
Görüş zamanı Yıldız Texniki Universitetinin nümayəndələri biznes yarışlar, startaplar və ən son yeniliklər barədə danışıblar. Sonra iştirakçılar universitetin tədris binasında fəaliyyət göstərən texnoparkına, startap və müasir texnologiyalarla təchiz edilmiş emalatxanalarına baxış keçiriblər.
Səfər çərçivəsində UNEC-in İnnovativ Biznes İnkubatoru ilə Türkiyə universitetlərinin texnoparkları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, birgə seminar, təlim və layihələrin reallaşması və təcrübə mübadiləsinin genişləndirilməsinə dair razılıqlar əldə edilib.
Qeyd edək ki, “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilib.
azertag.az