Rusiyalı meteoroloqlar və iqlim mütəxəssisləri qlobal iqlim dəyişikliklərinin bir müddət sonra havaların temperaturunun sabit göstəricilərinə çox pis təsir edəcəyini bəyan ediblər.
GoMap.Az Baltinfo-ya istinadən bildirir ki, Şimal və Cənub Qütblərində buzlaqların sürətlə əriməsi, Şimal və Cənub yarımkürələrində iqlim zolaqlarının "sürüşməsi" maksimum 30-40 ildən sonra bahar və payız fəsillərini ümumiyyətlə məhv edə bilər.
Rusiya Hidrologiya və Meteorologiya Xidmətinin (RosHidroMet) sədri, dünyaca nüfuzlu mütəxəssis Aleksandr Frolovun dediyinə görə, iqlim dəyişiklikləri indiki sürətlə davam edərsə, 10-15 il sonra baharla payız uzağı uç həftə davam edəcək "aralıq" mövsümlərə çevriləcək, sonra isə ümumiyyətlə yox olacaq.
"Apardığımız müşahidələr göstərir ki, xüsusilə Şimal yarımkürəsində bahar mövsümü hər ötən ildə bir qədər qısalır. Son illərdəki müşahidələr qışdan dərhal sonra yayın başladığını göstərir. Eyni şəkildə payız da aradan qalxır.
Məsələn, ötən il Şimal yarımkürəsində payız üç ay əvəzinə, cəmi bir ay çəkdi", - Frolov deyib.
Rusiyalı alimlər bildirirlər ki, iqlim dəyişikliklərinin kompüter modelləşdirilməsi və aparılan uzunmüddətli müşahildələrin nəticələrinə görə, bu il baharla payızın müddətində qısalma davam edəcək.
Daha sonrakı 10 ildə baharın müddətinin azalması və payızın qısalması sürətlə davam edəcək.
15 il sonra Şimal yarımkürəsində bahar və payızın məhvolma prosesi başlanacaq.
20 il sonra eyni proses Cənub yarımkürəsində başlanacaq.
Rusiyalı alimlərin hesablama, proqnoz və ehtimallarını ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri də təsdiqləyiblər.
NASA ekspert qrupunun rəhbəri, professor Edmond Qlessi hesab edir ki, bahar və payız mövsümlərinin məhv olmasına 35 il qalıb.
"Qlobal miqyasda iqlim dəyişikliklərinin fəlakətli sürətinin qarşısı alınmalı, belə faciəli dəyişikliklərin dayandırılması üçün gərəkli səylər göstərilməlidir", - Qlessi deyib.
Milli.az