“Nizami Gəncəvi adına Qızıl medal” qaliblərə təqdim olunub
8.6.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında “Nizami Gəncəvi adına Qızıl medal”ın təqdimetmə mərasimi keçirilib.

Mükafat barədə məlumat verən akademiyanın prezidenti Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədlikləri irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu deyib.

Tədbirdə bildirilib ki, Qızıl medala layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylər Rəyasət Heyətinə təqdim edilib.

Beləliklə, dəniz neft və qaz kondensant yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə həsr edilən fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif edilib.


report.az