ABŞ-da səfərdə olan Azərbaycanın Ritm rəqs qrupunun üzvləri iyunun 7-də ABŞ Prezidentinin iqamətgahının - Ağ evin yaxınlığında konsert proqramı ilə çıxış edib.
Ritm rəqs qrupu Azərbaycanın ABŞ-dakı səfirliyinin dəvəti ilə Cümhuriyyətin 100 illik yubiley tədbirində iştirak etmək üçün Vaşinqtonda səfərdədir.
Ronald Reyqan Beynəlxalq Ticarət Mərkəzinin rəsmisi Alison Makkiten bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizi təbrik edib. O, yubiley münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə baş tutan konserti açıq elan edib.
Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə keçirilən, ictimaiyyətə açıq olan konsert proqramında Ronald Reyqan binasının heyəti, buraya axın edən turistlər və şəhərin sakinləri ayaq saxlayaraq Azərbaycan musiqisinin incəliklərindən zövq alıblar. Qrup tərəfindən Azərbaycanın milli zərb və nəfəs alətləri ilə ifa olunan musiqi əcnəbiləri özünə cəlb edib və sürəkli alqışlarla qarşılanıb. Bir saat davam edən konsert proqramı çərçivəsində Azərbaycanın xalq mahnıları, o cümlədən “Sarı gəlin” musiqisi ifa olunub. Musiqiçilər, həmçinin ölkəmizin milli rəqslərini ifa edib və tamaşaçıları səhnəyə dəvət edərək onlarla birlikdə Yallı rəqsini ifa edib.
Ritm rəqs qrupu iyunun 5-də ABŞ-ın əsas tədbirlərinin keçirildiyi Endryu Melon Auditoriyasında min nəfərədək qonağın qatıldığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirdə uğurla çıxış etmişdir. Gənc musiqiçilər iyunun 6-da Ağ evin qarşısında qeyri-rəsmi şəkildə nağara ilə Azərbaycan musiqisini ifa etmişlər.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın adını daşıyan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində ABŞ-ın İnkişaf Agentliyi, Gömrük və Sərhəd Mühafizəsi Xidməti və Elm Xadimləri üçün Beynəlxalq Vudrou Uilson Mərkəzi yerləşir. Bu bina, həmçinin ABŞ-ın əsas sosil, iqtisadi və mədəni tədbirlərinə ev sahibliyi edir.
azertag.az