İyunun 12 -də qida təhlükəsizliyi ilə bağlı xidmətlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.
Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati, hüquqi, maarifləndirici işlərin hazırlanması və həyata keçirilməsi “ASAN xidmət” və mərkəzləri vasitəsilə təmin olunacaq.
Həmçinin “ASAN xidmət” təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, ASAN könüllülərinin potensialından istifadə olunması, o cümlədən “ABAD” publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.
Sonda tədbir iştirakçılarına qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydalarını əks etdirən maarifləndirici videoçarx təqdim edilib.
trend.az