İrəvan Dövlət Azərbaycan Dram Teatrı iyunun 14-də Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində şair-dramaturq İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri əsasında səhnələşdirilmiş “Qurtuluş” tamaşası ilə çıxış edəcək.
Bu barədə məlumat verən teatrın mətbuat katibi Teymur Bayramov deyib ki, “Ulu öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində nümayiş etdiriləcək tamaşa 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub. Tamaşanın rejissoru və rəssamı Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, ikinci rejissoru Xaqani Əliyev, musiqi tərtibatı Günay Muradovadır.
Səhnə əsərində ümummilli lider Heydər Əliyevin bədii obrazını teatrın direktoru İftixar Piriyev canlandıracaq. Digər rolları Əməkdar artistlər Vaqif Kərimov, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu, Tural Xəlilzadə, Natiq Həziyev, Gültac Əsgərova və Rövşən Cəfərov ifa edəcəklər.
Səhnə əsərində ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub.
azertag.az