Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcıdır
12.6.2018

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Qurtuluş - müasir Azərbaycanın inkişafının başlandığı tarix” mövzusunda “dəyirmi masa” keçirilib.

Nazirlikdən bildirilib ki, kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi mühitində müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi dəyərləri ehtiva edən yeni ideologiyanın əsasının qoyulmasından danışıb.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov, BDU-nun beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Alişan Qulaməliyev, kitabxanaçı Sona Yaqubova ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışının xalqımızın tarixinə taleyüklü siyasi hadisə kimi daxil olduğunu vurğulayıblar. Qeyd olunub ki, Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcıdır.

Tədbirdə Milli Qurtuluş Günündən bəhs edən videoçarx nümayiş olunub, BDU-nun beynəlxalq münasibətlər fakültəsinin tələbələri Dinara Əliyeva, Səltənət Namazova, Turan Bayramov, Kənan Məmmədov ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda tədbir iştirakçıları “Azadlığa gedən yol” adlı kitab sərgisinə baxıblar.


azertag.az