Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 13-də Gürcüstanın mədəniyyət və idman naziri Mixail Georqadze ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf perspektivləri geniş müzakirə olunub.
F.Muradov deyib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Bu da bizə bütün sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycanın qonşu və qardaş Gürcüstan ilə əlaqələrin bütün sahələr üzrə inkişafında maraqlı olduğunu vurğulayan komitə sədri deyib ki, bizim xalqlarımızı oxşar tarix və talelər birləşdirir. Səfərimizin əsas məqsədi də mədəni əlaqələrimizin, irsimizin qorunması, münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir.
Komitə sədri Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Heydər Əliyev Fondunun xətti ilə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də çox vacib, mədəni layihələr həyata keçirilir.
Sonra F.Muradov regionda həyata keçirilən enerji və nəqliyyat layihələri, regional münaqişələrin təhlükəsizliyimizə və sabitliyə, inkişafa, mədəni irsimizə vurduğu zərbələr barədə danışıb, erməni separatizmi və işğalına qarşı birgə mübarizənin vacibliyini qeyd edib.
Nazir Mixail Georqadze deyib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafında çox maraqlıdır. Bildirib ki, nazirlikdə ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı və daha da möhkəmlənməsi ilə məşğul olan xüsusi işçi qrupu yaradılıb. Çox şadam ki, Azərbaycanda da belə bir qrup fəaliyyət göstərir. Bu qruplar mədəni irsimizin mühafizəsi, birgə tədbirlərin təşkili və digər məsələlərlə məşğul olur.
Nazir Gürcüstanda yaşayan azərbaycanlılara öz mədəniyyətlərini inkişaf etdirmək üçün hər cür şəraitin yaradıldığını bildirib.
Görüşdə mədəni irsin bərpası, mühafizəsi və gələcək nəsillərə ötürülməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
azertag.az