Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir
13.6.2018

İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı təşkil edəcək. Kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq imtahanda iştirak etmək istəyənlər iyunun 20-si saat 18:00-dək qeydiyyat keçməlidirlər.

DİM-dən bildirilib ki, iyunun 13-ü saat 10:30-a olan məlumata əsasən, imtahanda iştirak etmək üçün 405 nəfər qeydiyyatdan keçib. İmtahanda iştirak etmək istəyənlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə http://eservices.dim.gov.az/dqq/docs/DQ_OdenishTarifleri.pdf keçidindən tanış olmaq mümkündür. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlara qatılmaq üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün online qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçib imtahanda iştirak etməyənlərin ödədikləri məbləğ geri qaytarılımır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda ali təhsil müəssisələrinə qəbul olunan namizədlər ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət unvanlamalıdır. Xaricdə təhsil almış və sistemdə ali təhsil haqqında məlumatı olmayan namizədlər DİM-ə müraciət etməlidirlər. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.


azertag.az