Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssisləri növbəti dəfə mürəkkəb hamiləliyin uğurla sonlandırılmasına nail olublar.
ATU-nun Tədris Cərrahiyyə Klinikasından (TCK) verilən məlumata görə, hamilə qadının bətnindəki körpəyə köçürülən qan onun dünyaya sağlam gəlməsinə səbəb olub. Həmin prosedur Avropada 1997-ci, Türkiyədə 2009-cu ildən etibarən tətbiq edilir. Azərbaycanda isə bu, yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında icra olunur.
Klinikanın ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, xəstə mart ayında bu tibb müəssisəsinə müraciət edib: “Müayinə zamanı dölün bütün orqanlarında maye yığını aşkarlanıb. Qarın boşluğu, döş qəfəsi maye ilə dolu idi. Mayenin həddən artıq çoxluğu ürək çatışmazlığından əlavə, dəri altında ödəmə əmələ gəlməsinə də səbəb olub. Analizlər və ultrasəs müayinəsindən sonra uşaqda qanazlığı əlamətlərinin mövcudluğunu gördük. Altıncı hamiləliyi olan pasiyentin yalnız bir övladı var. Ana mənfi, ata müsbət qan qrupuna malik olduğuna görə digər körpələrini itiriblər. Mövcud riskləri nəzərə alaraq, ana bətnində dölə təcili olaraq ilk qan martın 19-da köçürülüb. Bu zaman qan dəyəri 100-dən yuxarı olmalıdır. Lakin dölün hemoqlobin dəyəri 17-ə bərabər idi. Qanköçürmədən sonra qan dəyəri 134 oldu, yəni təxminən 9 dəfə artdı. Bu da onu göstərir ki, qanköçürmə əməliyyatı müvəffəqiyyətlə icra olunub”.
Mütəxəssis qeyd edib ki, əməliyyat ultrasəs müayinəsi altında həyata keçirilib, ana bətnindəki dölün ciyəsinə kateterizasiya edilərək qan köçürülüb. Qan köçürülmə prosesi dölün çəkisinə uyğun olaraq tənzimlənib. Qan köçürülməsi mürəkkəb əməliyyatdır və özündə bir sıra risklər daşıyır.
T.Canbaxışov deyib: “Qan köçürülməsi zamanı döldə reaksiyalar ola, göbək ciyəsində tromb yarana, sonradan döl qanı qəbul etməyə bilərdi. Lakin Qan Bankının operativliyi və laboratoriyanın dəqiqliyi nəticəsində qanköçürmə əməliyyatı uğurla nəticələnib”.
ATU-da həmin xəstənin bətnindəki dölə, ümumilikdə, üç dəfə qan köçürülüb. Birinci dəfə prosedur hamiləliyin 23-cü, ikincisi 26-cı, sonuncusu isə 30-cu həftədə icra edilib. Hər dəfə də dölün çəkisi artdığına görə müxtəlif miqdarda qan köçürülüb.
Doğuş uğurla nəticələnib və iyunun 4-də sağlam körpə dünyaya göz açıb. Doğuşdan sonra körpə yenidoğulmuşlar reanimasiyası şöbəsinin müdiri Səadət Yaqubovanın nəzarəti altında olub. Artıq ana və körpəsi evə buraxılıb.
Ümumilikdə, son iki il ərzində ATU-da qan köçürülməsinin köməyi ilə doğulan beşinci körpədir. Bu əməliyyata ata və ananın ziddrezuslu qan qrupuna malik olduğu hallarda ehtiyac yaranır. Risklərin qarşısını almaq üçün bu cür evliliklərdə ilk hamiləlik zamanı profilaktika məqsədilə iynə vurulmalıdır. Nadir hallarda həmin iynənin təsiri olmur və o zaman qanköçürmə əməliyyatını aparmağa ehtiyac yaranır.
azertag.az