“Qan içində işıq” romanında Bakı zəfərindən bəhs olunur
22.6.2018

Yazıçı Güllü Məmmədovanın “Qan içində işıq” tarixi-sənədli romanı yenicə çapdan çıxıb.

“Zərdabi” MMC nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan roman 1918-ci ilin qanlı hadisələrindən bəhs edir. Yenicə yaranan Azərbaycan Xalq Cümhuriyyətini məhv etmək, Bakı neftini ələ keçirmək üçün birləşən düşmən qüvvələri ilə döyüşdə əfsanəvi komandan Nuri Paşa və əsgərlərinin şücaəti, zəfərləri faktlar və sənədlər əsasında qələmə alınıb.

Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər çətin, məşəqqətli bir döyüş yolu keçib. Müəllif sanki əsgərlərlə çiyin-çiyinə addımlayaraq qazanılmış qələbələrin hansı əziyyətlər, çətinliklər, ağır itkilər bahasına başa gəldiyini real hadisələrlə oxucuya çatdırır.

Romanda sovet dönəmində cinayətləri bizə məlum olmayan daşnak Şaumyanın, müsəlmanların qatı düşməni Leninin iç üzünü ifşa edən sənədlər də öz əksini tapıb.

Müəllif “Qan içində işıq” romanında Bakının işğaldan azad edilməsini bir qəhrəmanlıq dastanı kimi vəsf edib, Azərbaycan və türk əsgərlərinin düşmənə qalib gəlmək əzmini, mərdlik və mətanətini qabarıq şəkildə göstərməyə çalışıb.

“Qan içində işıq” yazıçı Güllü Məmmədovanın “Qarabəkir əfsanəsi” və “Kalbalı xan” əsərlərindən sonra üçüncü tarixi-sənədli romanıdır.


azertag.az