Amerikalı səyahətçilər ilk kulinariya və mədəniyyət ekskursiyası çərçivəsində Azərbaycanın bölgələrində olublar
25.7.2018

Azərbaycanda ABŞ-dan gəlmiş turistlər üçün kulinariya və mədəniyyət aləminə səyahət təşkil edilib. Amerikalı səyahətçilər üçün ilk dəfə keçirilən bu ekskursiyanın təşəbbüskarı “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Buyurandır. O, bu kitabına görə beynəlxalq mükafatlara layiq görülüb.

Bakıdan başlanan kulinariya ekskursiyası Quba, İsmayıllı, Qəbələ, Şəki, Qax və Balakəndə davam etdirilib. Səyahət proqramına rəngarəng mədəniyyət və kulinariya ənənələri olan Xınalıq, Qırmızı qəsəbə, Lahıc, İvanovka, Nic və İlisu kimi yaşayış məntəqələri ilə tanışlıq və onların öyrənilməsi daxil edilib.

Ekskursiyanın məqsədi Azərbaycan mətbəxi və mədəniyyətinin xüsusiyyətləri ilə tanışlıq olub. Proqrama restoranlarda baş aşpazlar tərəfindən özəl kulinariya dərslərinin keçirilməsi, ərzaq bazarları və şərab müəssisələrinə, habelə tarixi məkanlar və muzeylərə, sənətkar emalatxanalarına ekskursiyalar, rəssamlarla görüşlər və digər mədəni tədbirlər daxil edilib.

Səyahətdə tanınmış kulinariya tarixçisi, “Cənubi Kaliforniyanın kulinariya tarixçiləri” təşkilatının prezidenti Çarlz Perri və təşkilatın digər təmsilçiləri, kulinariya və mədəniyyət sahələrində professorlar və həvəskar tədqiqatçılar iştirak ediblər. Bu, onların Azərbaycana ilk səfəri olub. Qrup üzvləri xalqımızın qonaqpərvərliyi və Azərbaycan mədəniyyətinin rəngarəngliyinə heyranlıq ifadə edib, gələcəkdə ölkəmizə yenə səfər etmək istəklərini bildiriblər.

Fəridə Buyuran “azcookbook.com” populyar bloqun və 2014-2015-ci illərdə iki dəfə nəşr olunmuş “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabının müəllifidir. Azərbaycan mətbəxi barədə ingilis dilində işıq üzü görmüş 336 səhifəlik ilk kitabda oxuculara Qərb ölkələrində hazırlanması üçün uyğunlaşdırılmış qəlyanaltı və salatlar, şorba, xəmir, ət, tərəvəz, yumurta xörəkləri, çörək növləri, plovlar, içkilər və çərəzlərdən ibarət 200 resept təklif edilir.


azertag.az