Rus Dram Teatrında “Payız sonatası” tamaşası göstəriləcək
2.8.2018

Sentyabrın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İnqmar Berqmanın pyesi və Boris Yerxovun tərcüməsi əsasında səhnəyə qoyulmuş “Payız sonatası” tamaşası göstəriləcək.

Teatrın mətbuat xidmətindən bildiriblər ki, “Payız sonatası” tamaşasının süjet xətti dul qalmış dünya şöhrətli pianoçu Şarlottanın keşiş əri və xəstə bacısı ilə səs-küydən uzaq əyalət qəsəbəsində yaşayan qızı Yevanın yanına getməsi üzərində qurulub.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, dekorasiyalar üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Tamaşada rolları Xalq artisti Lyudmila Duxovnaya (Şarlotta), aktyorlar Rumiyə Ağayeva (onun qızı Yeva), Tamilla Abutalıbova (qızı Yelena) və Aleksey Saprıkin (Yevanın əri Viktor) ifa edirlər.


azertag.az