Milli Kitabxanada növbəti tədbir Azərbaycan əlifbası və Azərbaycan dilinə həsr edilib
2.8.2018

Avqustun 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova bu əlamətdar günün latın qrafikalı əlifbanın tətbiqinin ölkəmizin siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” müvafiq Fərmanına əsasən qeyd edildiyini söyləyib.

Direktor müavini qeyd edib ki, ana dilimiz milli müstəqilliyin, suverenliyin, Azərbaycan ideologiyasının əsaslarından biridir. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş təhriflər bu gün aradan qaldırılıb, Azərbaycan dili özünəməxsusluğu və zənginliyi ilə başqa dillərdən seçilərək, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çata bilib.

Vurğulayıb ki, Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” müvafiq Sərəncamı, Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl strategiyasını sübut edən qanunvericilik aktlarıdır.

Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri Aygün Hacıyeva deyib ki, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi və başqa mütəfəkkirlərimiz bu dildə ölməz əsərlər yaradaraq, dilimizin inkişafına və təkmilləşməsinə təkan veriblər. O, bu tarixi günlə bağlı hər il kitabxana tərəfindən Ana dilimizin qorunması, inkişafı, zənginləşdirilməsi ilə bağlı nəşrlərin təbliği məqsədilə geniş sərginin təşkil olunduğunu söyləyib.

Sonda iştirakçılar geniş kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan, rus və xarici dillərdə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən kitablar və dövri mətbuat materialları nümayiş edilir.

Sərgi 10 gün davam edəcək.


azertag.az