Görkəmli kino xadimləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər
3.8.2018

2 avqust - Milli Kino Günü münasibətilə Mədəniyyət Nazirliyinin rəsmiləri, görkəmli kino xadimləri Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, abidəsi önünə tər çiçəklər düzülüb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Bu gün Azərbaycan kinosu yaranmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu il 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Bu gün, həmçinin Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.


azertag.az