Bilik Fondu “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə əməkdaşlığa başlayır
3.8.2018

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova və həmkarları - şöbə müdirləri Leyla Kərimova və Günel Axundova Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla görüşüb.

Bilik Fondundan bildirilib ki, görüşdə əhalinin, xüsusilə də gənclərin psixoloji maarifləndirilməsi sahəsində iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir. İcraçı direktor Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində sağlam həyat tərzinin təbliği istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib.

T.Məmmədova rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən, psixoloji sağlamlıq sahəsində həyata keçirdiyi tədbirlərdən söhbət açıb. O vurğulayıb ki, hazırda mərkəzin bölgələrdə 10 filialı fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi əhalinin həssas qruplarına psixoloji yardım göstərmək, stress, gərginlik, təşviş hallarını aradan qaldırmaq, onlarda özünə və həyata inamı bərpa edərək sağlamlıqlarını qorumaq, psixoloji maarifləndirmə və ölkə üçün pozitiv enerjili yararlı vətəndaş formalaşmasına dəstək verməkdir.

Görüş zamanı fondun bölgələrdə fəaliyyət göstərən bilik evləri ilə mərkəzin paytaxt və bölgə filiallarının əlaqəli fəaliyyətinin təşkili, birgə layihələrin hazırlanması və icrası, müasir cəmiyyəti düşündürən psixoloji problemlərlə bağlı müzakirələrin və araşdırmaların aparılması, yeniyetmə və gənclərin iştirakı ilə müştərək maarifləndirici tədbirlərin, təcrübəli və tanınmış psixoloqlarla görüşlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


azertag.az