“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bu il istifadəyə veriləcək filiallarından biri də Lənkəranda yaradılır. Cəmiyyətin Lənkəran filialı üçün inşa olunan binada tikinti işləri sürətlə davam etdirilir.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, “EL-SEYM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşası aparılan birmərtəbəli xalça emalatxanasının binasının tikintisinə bu ilin iyun ayında başlanılıb. Binada dəmir-beton işləri yekunlaşdırılıb. Hazırda daxili divarlar hörülür, dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir, həyətdə su hovuzu tikilir, abadlıq işləri aparılır.
Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarət olacaq. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunacaq.
“Azərxalça”nın Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə Lənkəran şəhərində tədris-hazırlıq kursu təşkil edilib. Xalça emalatxanası binasının tikintisinin və tədris-hazırlıq kursunun bu ayın sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 mart tarixli Sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb.
azertag.az