Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti "Skytrax" Azərbaycanın milli aviadaşıyıcısının "4 Ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu onu göstərir ki, “Azərbaycan Hava Yolları” (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir.
"4 Ulduz" reytinqinə layiq görülməzdən əvvəl müstəqil beynəlxalq auditorlar tərəfindən aviaşirkət göstərilən xidmətlərin keyfiyyətini və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən artıq meyar üzrə qiymətləndirilib. Sərnişinlər üçün mühüm olan aviaşirkət məhsulunun komponentləri - ümumilikdə aviaşirkətin saytı, saytda yerləşdirilən məlumatın məzmunu, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər qiymətləndirilib.
Eyni zamanda təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarədə sərnişinlər üçün əyləncə sistemi; heyət üzvlərinin xidməti geyim formaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə nəzərdən keçirilib. Rüsumsuz ticarət (duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, sərnişinlər üçün təyyarədə qidanın keyfiyyəti, oturacaqların rahatlığı və s. xidmətlərin qiymətləndirilməsi də diqqətdən kənarda qalmayıb.
Qeyd edək ki, bu ilin may ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu maksimal “5 ulduz” statusuna layiq görülüb və bununla da Skytrax World Airport Awards versiyası üzrə dünyada ən yaxşı 9 aviaşirkətin siyahısına düşmüş və postsovet ölkələrinin aviaşirkətləri arasında birinci yer tutub.
trend