Kəndlərdə yeni içməli su təchizatı sistemlərinin yaradılması Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində həyata keçirilməklə, ümumilikdə, 21 rayonunun 46 yaşayış məntəqəsini əhatə edir.
Bu barədə "Azərsu" ASC-dən bildirilib.
Məlumatda deyilir ki, layihələrə əsasən, bu kəndlərdə 386 km müxtəlif diametrli su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 1 272 ədəd bulağın quraşdırılması və digər su təchizatı infrastrukturlarının yaradılması nəzərdə tutulub. Qısa müddətdə həyata keçirilən tikinti-quraşdırma işləri nəticəsində 203 km su xətti çəkilib və 400-dək bulaq quraşdırılıb. Artıq Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Şəmkir rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb. Bununla da həmin kəndlərdə 15 minə yaxın sakin keyfiyyətli içməli suya çıxış imkanı qazanıb.
Ümumilikdə, həyata keçirilən layihələr çərçivəsində cari ildə 65 minə qədər sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident sərəncamına uyğun olaraq, 2017-ci ildə 28 rayonun 170 kəndində layihələr icra olunub. Bu layihələr çərçivəsində 530 km-ə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib.
report.az