Moskvada yaşayan həmvətənimiz Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsinin iştirakçıları sırasındadır.
Sentyabrın 4-dən 9-dək keçiriləcək final mərhələsində 16 ifaçı mübarizə aparacaq.
Aprelin 17-18-də Moskvada “Novaya volna-2018” beynəlxalq müsabiqəsinin yarımfinalı olub. Yarımfinalda dünyanın müxtəlif ölkələrindən 150 musiqiçi iştirak edib. Rusiyanın Xalq artisti İqor Krutoyun sədrlik etdiyi münsiflər heyətində Rusiyanın Xalq artisti Filip Kirkorov, müsabiqənin rejissoru Aleksandr Revzin, musiqi prodüseri Anastasiya Muxina yer alıb.
Xatırladaq ki, Emil Qədirovun Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva Musiqi Evində, Mərkəzi Alimlər Evində, Xilaskar İsa Məbədində solo konsertləri olub. O, Rusiya Televiziyasının Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı olub. Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak edir. “Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkə bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
azertag.az