Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
16.8.2018

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 76-cı ili tamam olur.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bu münasibətlə birinci Fəxri xiyabanda nazirliyin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarını ziyarət edəcək, onun milli musiqimizin inkişafındakı xidmətlərindən söz açacaqlar.

Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilib. Sənətə vurğunluğu, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdıb. Xalqına bağlı olan bu böyük sənətkar dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandıra bilib.

1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olan sənətkarın babası Müslüm Maqomayev Azərbaycan bəstəkarlıq və dirijorluq məktəbinin qüdrətli sənətkarlarından biridir. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan sənətkara C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı böyük şöhrət qazandırıb.

Müğənninin ifasında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tutur. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanmış sənətkarlardandır. Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil etmiş müğənni 1969-cu ildə Sopot Beynəlxalq Mahnı Müsabiqəsində, Kannda keçirilən “Qızıl val” müsabiqəsində birinci mükafata və laureat adına layiq görülüb.

Müslüm Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və bir çox başqa ölkələrdə uğurla çıxış edib. O, həm Azərbaycan, həm keçmiş SSRİ-nin respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlərin, mədəniyyət günlərinin, qurultay və plenum çərçivəsində keçirilən konsertlərin daimi iştirakçısı olub. Müslüm Maqomayev haqqında “Oxuyur Müslüm Maqomayev” filmi çəkilmiş, müğənni özü “Nizami” bədii filmində baş rolda çıxış edərək dahi Azərbaycan şairinin özünəməxsus, yaddaqalan obrazını yaradıb. Onun müəllifi və ifaçısı olduğu “Mavi əbədiyyət”, “Təntənəli mahnı”, “Mənim Azərbaycanım” nəğmələri Azərbaycan estrada mahnısı irsinin parlaq nümunələri kimi səslənir.


azertag.az