Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertlər keçirilib
28.8.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə ölkəmizin tanınmış caz ustadları İsfar Sarabski&trio və Şəhriyar İmanov dörd konsert və bir ustad dərsi keçirmək üçün San-Paulu ştatında və Rio-de-Janeyro şəhərində səfərdədirlər.

Səfirlikdən bildirilib ki, avqustun 22-də Azərbaycan ifaçıları San-Paulu şəhərinin tanınmış Vila Mariana teatrında yerli caz və musiqi həvəskarlarına ustad dərsləri keçərək, onları milli musiqimiz, onun müasir caz ilə simbiozu (caz muğam), milli musiqi alətlərimiz, xüsusən də tar və onların istifadə qaydaları ilə tanış ediblər. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin dərin tarixi kökləri, onun dünya mədəniyyətinə təsiri və verdiyi töhfə barəsində tədbir iştirakçılarına məlumat verilib. Sonra qonaqların sualları cavablandırılıb, yerli musiqiçilərlə birgə bir neçə musiqi parçası ifadə edilib.

Avqustun 23-də San-Paulu şəhərinin ən iri zallarından olan Pompei Teatroda yerli auditoriya üçün açılış konserti keçirilib. Konserti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan çıxışla başlayan musiqiçilərimiz, sonra milli və xarici caz, həmçinin sənətkarların öz əsərləri ilə davam ediblər. Konsertə San-Pauluda yerləşən diplomatik korpusun və şəhər meriyasının nümayəndələri, həmçinin yerli caz həvəskarları qatılıblar. Tədbir yerli televiziya tərəfindən lentə alınıb və mətbuatda geniş işıqlandırılıb.

Avqustun 24 və 25-də isə Kampinas və Buruqui şəhərlərində yerli auditoriya qarşısında növbəti konsertlər təşkil edilib. Ustadlarımız konsertdə “Prelude” (İ.Sarabski), “Limping Stranger” (İ.Sarabski), “Swan Lake” (P.Çaykovski), “Be Witched” (R.Rocers), “Planet” (İ.Sarabski), “Crying waterfal” (S.İmanov), “The Edge” (İ.Sarabski), “Novruz” (İ.Sarabski), “G-Man” (İ.Sarabski) əsərlərini ifa ediblər.

Sonuncu konsert isə Rio-de-Janeyronun məşhur Blue Note konsert zalında dekabrın 30-da keçiriləcək.

Tədbirlər çərçivəsində qonaqlara, həmçinin Azərbaycana həsr edilmiş məlumat kitabçaları, təbliğat materialları paylanılıb.


azertag.az