Avqustun 27-də Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Azərbaycanda Atatürk Mərkəzində türk xalqları ədəbiyyatını təmsil edən bir qrup şair və yazıçının iştirakı ilə “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” mövzusunda konfrans keçirilib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov gənc türk yazarlar arasında fikir mübadiləsinin aparılması, müasir ədəbi prosesdə və ümumiyyətlə ideoloji, mədəni mühitdə baş verən hadisələrin müzakirə edilməsi baxımından konfransın əhəmiyyətindən danışıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının sədri Əkbər Qoşalı təşkilatın layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, türk varlığının regionda və dünyada, ədəbiyyatlarımızın qarşılıqlı tanıdılması yolunda xeyli işlər görülüb və bu qəbildən işlər davam etdiriləcək.
Vurğulanıb ki, Azərbaycanın türk dövlətləri ilə əlaqələri davamlı olaraq inkişaf etməkdədir. Bu prosesdə Azərbaycan dövlətinin rolu böyükdür.
Türk xalqları ədəbiyyatlarını təmsil edən qonaqlar ictimai təşkilatlar və təhsil müəssisələrində, ədəbi qurumlarda keçirdikləri görüşlərdən danışıb, qardaş xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə ehtiyac olduğunu bildiriblər. Çıxış edənlər türk xalqları arasında əlaqələrin genişlənməsində şair, yazıçı və jurnalistlərin mühüm rol oynadıqlarını söyləyiblər.
Konfransda bu mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
azertag.az