Oktyabrın 25-dən 27-dək Azərbaycan Xalça Muzeyinin ev sahibliyi ilə Bakıda keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda “Türk dünyasının ortaq dili – naxışlar” III Beynəlxalq Simpoziumuna ABŞ, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaq.
Muzeydən bildirilib ki, simpoziumun dünyaca məşhur qonaqlarından biri Mərkəzi Asiyanın qadın ayin və mərasimləri ilə bağlı tekstil ənənələrini araşdıran tanınmış amerikalı rəssam və müstəqil tədqiqatçı Kristin Martens (Nyu-York) olacaq. O, “Sincanda uyğur keçəsi nümunələri: naxışlar, texnika və rituallar” mövzusunda məruzə ilə çıxış edəcək. Sənət nəzəriyyəçisi kimi Kristin Martens Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Monqolustanda çoxsaylı təcrübə proqramlarının təşkilatçısıdır. O, bu layihələri Fulbrayt təqaüd proqramı (Fulbright Scholar), fəaliyyət sahəsinə gender təhsili proqramlarının da daxil olduğu Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX) xətti əsasında və Asiya Mədəniyyət Şurasının qrant alıcısı kimi reallaşdırıb.
Qeyd edək ki, beynəlxalq simpoziumun təşkilatçıları Azərbaycanın Mədəniyyət Nazirliyi və Xalça Muzeyidir. Simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq.
Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və “fashion show” təşkil olunacaq.
azertag.az