Mədəniyyət müəssisələrinin əməkdaşları üçün silsilə seminar-təlimlər keçirilib
30.8.2018

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən paytaxtdakı mədəniyyət mərkəzləri, evləri və klublarının müxtəlif ixtisaslı əməkdaşları üçün tematik xarakterli silsilə seminar-təlimlər keçirilib.

Mərkəzdən bildirilib ki, ümumilikdə 26 mədəniyyət müəssisəsindən 200 nəfərdən çox əməkdaşın qatıldığı təlimlər İ.Əbilov adına Mədəniyyət Mərkəzi, Badamdar qəsəbə Mədəniyyət evi, Binə qəsəbə Mədəniyyət Mərkəzi və Şağan Mədəniyyət Mərkəzində reallaşıb. Təlimlər “Mədəniyyət müəssisələrinin fəaliyyətində innovativ metodlardan istifadə”, “Mədəniyyət müəssisələrinin fəaliyyətində bədii özfəaliyyət kollektivlərinin rolu”, “Mədəniyyət işçilərinin hüquqi maarifləndirilməsi və innovativ metodlar” mövzularına həsr olunub.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək sahə üzrə kadrların hazırlanmasında hüquqi maarifləndirmənin əhəmiyyətindən danışıb, mövcud problemlərin həllində müəssisələrin əməkdaşlığının vacibliyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, tədbirlər çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanmış metodik vəsaitlərin təqdimatları da keçirilib.

Layihə və təkliflər sırasında xüsusi olaraq Maştağa qəsəbə Mədəniyyət Mərkəzi, Korgöz qəsəbə Mədəniyyət evi, İ.Əbilov adına Mədəniyyət Mərkəzi, Suraxanı rayon Mədəniyyət evi, habelə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin əməkdaşlarının fikirləri maraqla qarşılanıb.

Müasir kreativ metodlardan istifadə olunması və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən yekun tədbirin iştirakçıları mədəniyyət müəssisələrinin sosial imicinin və onların cəmiyyətdə, xüsusilə gənclər arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildiriblər.


azertag.az