Allahın qoruduğu uşaq: ürəyi qarnındadır
29.1.2013

Bu uşağı bizi Yaradan, göylərdəki o qüvvə qoruyur. O olmasa, körpəmiz yaşaya bilməzdi. Hər gün dua edirik ki, qızımızı bizə bağışladığı, ölməyə qoymadığı üçün minnətdarlığımızı bildirək".

Odrina Kardenasın anası göz yaşlarını saxlaya bilmir.
Həddən artıq ağır sindroma mübtəla olan Odrina doğulanda həkimlərin heyrətinin həddi yox idi.
Çünki ABŞ-ın Texas ştatında doğulmuş Odrina dünyaya gələndə onun ürəyi sinəsində yox, qarnında, özü də çöldə idi.

Həkimlər Odrinanın ürəyinin vurduğunu, titrədiyini, yığılıb-açıldığını görürdülər.

Odrinanın ürəyini qorumaq üçün ona xüsusi sifarişlə hazırlanmış çəhrayı plastik "canlıq" geydiriblər ki, ürəyi zədələnməsin.
Həkimlərin dediklərinə görə, Odrina bir qədər böyüyəndən sonra, 4-5 yaşına çatanda yenidən ağır cərrahiyyə əməliyyatına məruz qalacaq və ürəyi döş qəfəsinə yerləşdiriləcək.

Texaslı Odrina Kardenasın xəstəliyinə 8 milyon insandan birində rast gəlinir. Ürəyi çöldə doğulan uşaq ən uzağı üç gün yaşayır.

Texasdakı Hyuston şəhərində yerləşən Texas Children's Hospital-dan evə buraxılan 3,5 aylıq Odrinanı indi ölümlə mübarizə, həyatda qalmaq üçün amansız mücadilə gözləyir.
Odrinanın anası Eşli: "Biz buna hazırıq, övladımın yaşaması üçün hər şeyi edəcəyəm", - söyləyir.

Eşli hamiləliyin 16-cı həftəsində olanda ultrasəs müayinəsi zamanı onun bətnindəki qızın ürəyinin çöldə olduğu müəyyənləşmişdi.
Xanım Kardenasın seçimi üç variantdan ibarətdi: abort etmək, hamiləliyi davam etdirmək və uşağın dünyaya qüsurlu gəlməsini bilərək qızı doğmaq, bir də qız anadan olandan sonra həkimlərə uşağın sinəsini dəlib deşik açmalarına icazə vermək.
Dəlik qızın ürəyinin sonradan döş qəfəsinə yerləşdirilməsi üçün gərəkdi.

"Həkimlər bətnimdəki uşağın dəhşətli xəstəliyə düçar olduğunu dedilər. Həmin gün çox qorxdum. Səhərədək ağladım. Səhər açılan kimi xəstəxanaya getdim. Həkimlər gələnədək qapının qarşısında durub ağlayırdım. Onlar gəldilər və yalvardım, dedim ki, qızımı öldürməyəcəyəm, doğacağam. O mənə bağışlamaz qızıma qıymağı. O, qızımı qoruyacaq. Buna inandığımı, dualar etdiyimi söylədim. Odrina doğuldu və O, qızımın həyatını almadı, qızıma həyat verdi", - Eşli Kardenas deyir.

Balaca Odrina üçün plastik qoruyucu canlığın müəllifi professor Çarlz Freyzer Cuniordur.

Milli.Az