Azərbaycanlı şagirdlərdən ibarət komanda 2017-ci ildən etibarən Beynəlxalq robot olimpiadasına (First Global) qoşulub. Bu il də komanda yenilənmiş heyətlə yarışmada iştirak etmək üçün Meksikaya gedib.
Beynəlxalq robot yarışmasına qatılan komandanın mentoru Yusifbəy Padarov və komandanın kapitanı Ülvi Musayev təəssüratlarını danışıb.
6 şagird
Yarışmaya Azərbaycandan qatılacaq şagirdləri Rövşən Zeynalov seçib, hansı ki, bura robot texnologiyası ilə bağlı bilikləri olan şagirdlər qatıla bilərlər. Bu il yarışmaya 6 şagird qatılıb: Ülvi Musayev, Sənan Süleymanlı, Akşin Yusifzadə, Əli Tağıyev, Cavid Rzayev və Adil Ağayev. Şagirdlərin mentoru isə Yusifbəy Padarov olub. Komanda üzvləri avqust ayının 11-dən 22-dək Meksikada olub. Bu müddətdə şagirdlər yarışma ilə, digər komandalarla, onların işləri ilə tanış olublar, testlər ediblər.
Qısa müddətdə hazırlanan robot
Azərbaycan komandası yarışmaya qısa müddətdə hazırlaşıb. Müvafiq laboratoriyada 6 şagird bir yerdə çalışıb. Yarışmaya təqdim olunan robot təxminən 2 həftə ərzində hazırlanıb. Robotun əsas funksiyası qutuları yığıb müəyyən edilmiş əraziyə daşımaq, külək və günəş enerjisindən müəyyən qədər xal əldə etmək olub.
Hazırlanan robotun maliyyə dəyəri təxminən 500-600 dollar civarındadır.
Uğura aparan kələ-kötür yol
Yarışa az müddət qalmış komandanın proqramçı onlardan ayrıldığı üçün şagirdlər müəyyən çətinliklərlə qarşılaşıblar. Komandanın kapitanı Ülvi Musayev proqramçının görməli olduğu işi qısa müddətdə öyrənib.
Digər çətinlik isə Meksikaya getmək üçün maliyyə tapmaq məsələsi olub. Bütün bu çətinliklər komandanın hədəfinə doğru getməyinə mane olmayıb, onlar Azərbaycanı uğurla təmsil ediblər.
Tövsiyyə
Ülvi Musayev bundan sonra yarışmalara qatılacaq şagirdlərin daha tez hazırlıqlara başlamalarını və testlər etməklərini tövsiyyə edib. Çünki yarışmada təcrübəli olmaq mühüm rol oynayır.
Yusifbəy Padarov isə bildirib ki, Azərbaycanda sistem üzrə fəaliyyət göstərən məktəblər yaradılmalıdır və ya məktəblərin daxilində şagirdlərə bu istiqamətdə kömək edə bilən sistem qurulmalı, bu məsələ ancaq özəl məktəblərə aid olmamalıdır, dövlət məktəblərində də şagirdlərə imkanlar yaradılmalıdır. O həmçinin qeyd edib ki, bütün sahələrdə olduğu kimi bu sahədə də rəqiblərin olması vacibdir. İnkişaf üçün rəqabət vacibdir. Amma nəticə odur ki, hazırda Azərbaycanda robot texnologiyaya bağlı maraqlar çox da inkişaf etməyib.
report.az