Sentyabrın 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor İvan Tverdovskinin “Atılmışlar” filmi nümayiş ediləcək.
Rusiya Film Həftəsi çərçivəsində təqdim olunacaq ekran əsərinin xronometrajı 95 dəqiqədir.
Film nadir xəstəliyi olan və ömrü boyu internatda yaşayan bir gəncin həyatından bəhs edir. Anası onu gözlənilmədən internatdan çıxarıb evlərinə gətirir. Filmin qəhrəmanı Moskvada, özündən asılı olmayaraq mütəşəkkil cinayət qrupunun mərkəzinə çevrilir. Film rus dilində nümayiş olunacaq.
Qeyd edək ki, rejissor, ssenarist, operator və rəssam kimi tanınan İ.Tverdovski 2012-ci ildən başlayaraq qısametrajlı filmlər proqramının kuratorudur. Rejissorun tammetrajlı kinoda debütü “Düzəliş sinfi” filmi olub. 2014-cü ildə Soçidə “Kinotavr” kinofestivalının iki mükafatına layiq görülüb, prokatçı münsiflər heyətinin mükafatını qazanıb və ən yaxşı debütə görə priz alıb. Film Karlovı Varı kinofestivalının “Qərbdən Şərqə” adlı Şərqi Avropa filmləri müsabiqəsinin baş mükafatına sahib olub. 2016-cı ildə 27-ci “Kinotavr” kinofestivalında “Zoologiya” filminə görə kinoşünas və tənqidçilər gildiyasının “Fil” prizini qazanıb.
report.az