“Muğam axşamları” layihəsi növbəti dəfə muğamsevərlərin görüşünə gələcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində reallaşacaq layihənin yeni mövsümdə ilk konsert proqramı oktyabrın 11-də “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq.
Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.
“Muğam axşamları” layihəsinin ikinci mərhələsi bu ilin mayında başlanıb. Layihənin ikinci mərhələsinin noyabrın 1-də keçiriləcək növbəti konsertində “Orta mahur” və “Rahab” muğamlarına yer veriləcək. Xatırladaq ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” muğamları səsləndirilib.
azertag.az