“Bir, iki – bizimki!” gənc aktyorların ifasında
10.9.2018

Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşa nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.

Səhnə əsərində sənət ocağının gənc aktyorları iştirak edəcək.

Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur.


azertag.az