“YARAT”da növbəti rus filmi – “Saşa dayı” nümayiş ediləcək
10.9.2018

Sentyabrın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Aleksandr Qordonun “Saşa dayı” adlı ekran əsəri nümayiş ediləcək.

Xronometrajı 92 dəqiqə olan ekran əsəri vaxtilə uğurlu sənətkar olmuş, indi isə hamının acığına özünün bağ evində sonuncu filmini çəkən rejissor haqqında Çexovsayağı bir hekayədir. Qəribə qonaqlar, özlərinə vurğun aktyorlar, əcaib qonşular və rejissorun özü – bunlar müəllif istehzası üçün, bəzən həm də acı gülüş üçün əsasdır. Film rus dilində nümayiş olunacaq.

Aktyor, rejissor, prodüser və ssenarist kimi tanınan rejissor 2001–2003-cü illərdə NTV kanalında “Qordon” verilişini aparıb. 2002-ci ildə atası Harri Qordonun ssenarisi əsasında “Öz inəklərinin çobanı” adlı bədii film çəkib. Bu film Rusiyada IX “Ədəbiyyat və kino” kinofestivalında münsiflər heyətinin “Ən yaxşı rejissor debütü” prizini qazanıb. 2004-cü ilin mart ayında Aleksandr Qordonun quruluşunda "Müasir pyes məktəbi”nin səhnəsində F.M.Dostoyevskinin “Cinlər” romanı əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.


azertag.az