“YARAT”dan yeni maarifçilik layihəsi
12.9.2018

“YARAT” Müasir İncəsənət Məkanı “Artxronika” adlı yeni maarifçilik layihəsinə start verir. Layihə çərçivəsində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisi ətrafında dünyanın aparıcı sənətşünasları ilə görüşlər silsiləsi nəzərdə tutulub.

Sentyabrın 21-də “Artxronika” layihəsi çərçivəsində “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində Dövlət Tretyakov Qalereyasının rəngkarlığı bölməsinin əməkdaşı, sənətşünas və ekspert Olqa Polyanskaya ilə görüş keçiriləcək. Rusiyalı ekspert 1960-1980-ci illərin Azərbaycan rəngkarlığı əsərlərindən Dövlət Tretyakov Qalereyasının kolleksiyasında qorunub-saxlanan nümunələr haqqında danışacaq.

Azərbaycan rəngkarlığı bir çox Rusiya muzeylərində mövcuddur, amma məhz Dövlət Tretyakov Qalereyasının kolleksiyası aparıcı ustadlarımızı təqdim edir və məhz bu kolleksiya Azərbaycan incəsənətinin olduqca mühüm mərhələsində rəngkarlığın təkamülü barədə təsəvvür yaradır. Bununla yanaşı, o, həmin dövrün Azərbaycan incəsənətinə müəyyən bir nəzər də salacaq. O vaxtlar təkcə Azərbaycan fırça ustalarının deyil, SSRİ-nin digər respublikalarını təmsil edən sənətkarların da müraciət etdiyi bədii kontekst Azərbaycan tamaşaçısı qarşısında açılacaq.


azertag.az