Azərbaycan Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti seçim turları başa çatıb.
Tərcümə Mərkəzindən bildirilib ki, sentyabrın 11-də turlardan ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.
Təqdimat mərasimini giriş sözü ilə seçim turlarının rəhbəri, Mərkəzin tərcümə və nəşr məsələləri üzrə baş redaktoru Vilayət Hacıyev açıb. O, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə əlamətdar töhfələr verəcəyini bildirib. Həmçinin imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini qeyd edib. “Məlumat bazası, əsasən, dövlət qurumlarında həyata keçirilən yazışmaların, rəsmi sənədlərin, eləcə də digər mətn və materialların tərtibi və tərcüməsinə cəlb oluna biləcək dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədini daşıyır. Düşünürük ki, bu irimiqyaslı layihə ölkənin dil və tərcümə sahəsində nizam yaradacaq, onun inkişafına əsaslı təkan verəcək”, - deyə Vilayət Hacıyev bildirib.
azertag.az