Azərbaycanın sənaye istehsalı 2%-ə yaxın artıb
13.9.2018

Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-avqust aylarında 31,6 mlrd. manatlıq və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9% çox sənaye məhsulu istehsal edib.

Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8%, neft sektorunda isə 0,6% artıb.

Sənaye məhsulunun 73,0%-i mədənçıxarma sektorunda, 22,3 %-i emal sektorunda, 4,0 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,9%, əmtəəlik qaz hasilatı isə 0,5% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32 dəfə, elektrik avadanlıqlarının istehsalı 3 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 63%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54%, tikinti materiallarının istehsalı 31,7%, əczaçılıq məhsullarının istehsalı 20,2%, hazır metal məmulatlarının istehsalı 18,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 13,4%, içkilərin istehsalı 9,3 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,7%, kimya sənayesi məhsullarının istehsalı 1%, geyim istehsalı 0,5% artıb, qida məhsullarının istehsalı 1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, kompüter, elektron və optik məhsulların, rezin və plastik kütlə məmulatlarının hər birinin istehsalı 9,6%, maşın və avadanlıqların istehsalı 16%, sair nəqliyyat vasitələrinin istehsalı isə 61,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4% artıb.


report.az