“YARAT”da rusiyalı rejissorun ekranlaşdırdığı film təqdim edilib
14.9.2018

“YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Artyom Temnikovun ekranlaşdırdığı “Qan” filmi nümayiş edilib.

Xronometrajı 106 dəqiqə olan ekran əsəri bir-biri ilə əlaqəni bərpa etmək üçün mürəkkəb mənəvi yollar keçən iki qardaşdan bəhs edir. Hadisələr müasir Moskvanın mərkəzində cərəyan edir. Gənc rəssam Valera Romeyev küçələrdə portret çəkməyə məcburdur. Ukraynanın şərqində yerləşən kiçik bir şaxtaçılar şəhərində yaşadığı qayğısız uşaqlıq illəri qurtardıqdan sonra Valera amansız meqapolisdə özünü sınamaq üçün əlindən gələni edir. Köməklik tapmaq ümidi ilə Romeyev, ata yurdunu çoxdan tərk edib ailəsi ilə əlaqəsini kəsmiş uğurlu iş adamı olan böyük qardaşını-Vadimi axtarır. Film rus dilində nümayiş olunub.

Qeyd edək ki, rejissor və ssenarist kimi tanınan Artyom Temnikov 1993-cü ildə Rusiya Kinematoqrafiya Komitəsinin Ümumrusiya Kino İşçilərinin Təkmilləşdirmə İnstitutunun rejissorluq bölməsini bitirib. Televiziya üçün ssenarilər yazıb və rejissor kimi sənədli filmlər çəkib, eləcə də səyahət və kəşflər haqqında “Vokruq sveta”, “Russkiy ekstrim”, “V poiskax priklüçeniy” və digər televiziya proqramları ekranlaşdırıb. 90-dan artıq ölkədə onlarca teleproqram və sənədli filmlər çəkən rejissor 2006-cı ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür.


report.az