Pantomima Teatrı yeni mövsümü “İt gəzdirən xanım”la açıb
17.9.2018

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi 26-cı teatr mövsümünü açıq elan edib.

Teatrdan bildirilib ki, sənət ocağı bu dəfə teatrsevərlərin görüşünə “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə gəlib.

Leyla Atayevanın quruluşunda izlənilən sözügedən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırıb.

Teatrın səhnəsində sentyabrın 22-də “Ağ bığlılar”, 23-də isə “Underground” tamaşaları oynanılacaq. Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan “Qoca və Mələk”, 30-da isə maarifləndirici tamaşa olan “Fəlakət və İnsan” və “Mənim balığımsan” adlı tamaşalar izləniləcək.

Qeyd edək ki, teatr ötən mövsümə “İt gəzdirən xanım” tamaşası ilə yekun vurmuşdur.


azertag.az