Sentyabrın 22-də Moskvada P.İ.Çaykovski adına konsert zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.
Konsert ölkə başçısının görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınaraq, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbirdə görkəmli dirijor Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev və tanınmış skripka ifaçısı, Beynəlxalq müsabiqələr laureatı Alyona Bayeva iştirak edəcəklər.
Konsertdə P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin ifasında bəstəkarın “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, Skripka və orkestr üçün konserti və “İldırımlı yollarla” baletindən 2 saylı süitası səsləndiriləcək.
Konsert “Kultura” telekanalı tərəfindən lentə alınacaq. Eyni zamanda, həmin gün P.İ.Çaykovski adına konsert zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi də nümayiş olunacaq.
Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbirlərin davamı olaraq ilin sonunadək həm Azərbaycanda, həm də Rusiya, Türkiyə, ABŞ, Fransa, Belçika, Avstriya, Almaniya, Böyük Britaniya, İsrail, Polşa, Macarıstan, Gürcüstan, Ukraynada bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər, tədbirlər və yubiley gecələrinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırlanmış tədbirlər planına əsasən fevral ayından başlayaraq bir çox ölkədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
azertag.az